ISO 19011 beynəlxalq standartının 4-cü versiyası nəşr edilib

ISO 19011 beynəlxalq standartının 4-cü versiyası nəşr edilib

ISO 19011:2026 İdarəetmə sistemlərinin auditinin keçirilməsi üzrə rəhbəredici sənəd adlı beynəlxalq standartın 4-cü versiyası nəşr edilib.

Bu yeni versiya standarta fundamental struktur dəyişikliyi gətirmir, lakin mövcud qaydaları texniki cəhətdən təkmilləşdirir və uzaqdan idarəetmə mexanizmlərini rəsmiləşdirir.

Standartın 4-cü versiyasında aşağıdakı dəyişikliklər və yeniliklər edilib:

  • Uzaqdan və hibrid auditlərə daha geniş yer verilib. Uzaqdan audit artıq əlavə metod kimi deyil, audit prosesinin ayrılmaz hissəsi kimi nəzərdən keçirilir.

Virtual məkanların auditinə dair rəhbərlik genişləndirilib.

  • Rəqəmsal texnologiyalardan və rəqəmsal dəlillərdən istifadə edilməsi. Elektron qeydlər, bulud sistemləri, videomüşahidə, onlayn müsahibələr və digər rəqəmsal vasitələrin auditdə istifadəsinə dair daha ətraflı tövsiyələr əlavə edilib.
  • Risk əsaslı audit yanaşmasının gücləndirilməsi. Audit proqramlarının planlaşdırılması və audit metodlarının seçilməsi zamanı risk və imkanların qiymətləndirilməsinə daha çox diqqət yetirilir.
  • Auditor səriştəsinə dair yenilənmiş tələblər. Auditorların informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqları və rəqəmsal mühitdə audit aparmaq qabiliyyəti daha qabarıq vurğulanır.
  • Auditdə süni intellektdən istifadəyə diqqətin artması. Audit dəlillərini toplanması və təhlili zamanı müasir rəqəmsal alətlərin tətbiqi nəzərə alınıb.
  • İqlim dəyişikliyi və xarici kontekst amillərinin nəzərə alınması. Audit zamanı təşkilatın fəaliyyətinə təsir edən iqlim və digər strateji xarici amillərin qiymətləndirilməsinə daha çox diqqət ayrılır.
  • Standartın strukturu və əsas audit prinsipləri qorunub saxlanılıb

Dürüstlük, obyektivlik, məxfilik, müstəqillik, dəlillərə əsaslanan yanaşma və risk əsaslı yanaşma kimi fundamental audit prinsipləri dəyişməyib.

Yeni dərc olunmuş versiya kontekstində təşkilatlar və auditorlar rəqəmsallaşma, süni intellekt, uzaqdan audit və gücləndirilmiş risk-əsaslı yanaşmaya fokuslanmalıdırlar. Keçid dövründə təşkilatlar və auditorlar yeni versiyaya keçid etmək üçün konkret addımlar atmalıdırlar.

Təşkilatlar audit prosedurlarını yeniləməlidirlər.  Sənədlərdə uzaqdan və hibrid audit metodları, texnologiya seçimi və məlumat təhlükəsizliyi qaydaları dəqiq əks olunmalıdır. Audit proqramları və planlarında virtual məkanlar, kibertəhlükəsizlik riskləri və rəqəmsal imkanlar sənədləşdirilməlidir. Audit fəaliyyətləri və büdcəsi idarəetmə sisteminin ən kritik, yüksək riskli sahələrinə yönəldilməlidir. Virtual auditlər zamanı məlumatların məxfiliyini, bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün müvafiq şifrələmə, təhlükəsiz məlumat ötürmə protokolları, autentifikasiya mexanizmləri və təhlükəsiz platformalardan istifadə edilməsi tövsiyə olunur.

Auditorlar süni intellekt alətlərindən istifadə, rəqəmsal dəlillərin yoxlanılması və İKT idarəetməsi üzrə təlimlər keçməlidirlər. Onlar Uzaqdan müsahibə metodlarına yiyələnməlidirlər (monitor arxasından effektiv ünsiyyət, çarpaz sayt koordinasiyası və onlayn audit idarəetməsini öyrənmək vacibdir). Audit zamanı yalnız standart uyğunsuzluqlarına deyil, təşkilatın qarşılaşdığı yeni kibertəhlükəsizlik və texnoloji risklərə diqqət yetirmək lazımdır. Audit hesabatlarında dəlillərin hansı metodla (fiziki yoxsa virtual) əldə olunduğu və uyğunsuzluqların dərəcəsi aydın yazılmalıdır.

OXŞAR XƏBƏRLƏR