Əlaqə

 

                                                                                                                           Tel: (+994 12) 480 16 25                      Email: info@incert.az


 

   

Sertifikatlaşdırma


Sertifikatlaşdırma latın sözü olub “düzgün edilmişdir” mənasını ifadə edir. Bu termin ilk dəfə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Sertifikatlaşdırma məsələləri üzrə komitəsi (SERTİCO) tərəfindən formalaşdırılmışdır.

 

Sertifikatlaşdırma termini 1982-ci ildə ISO/IEC 2 “Standartlaşdırma, sertifikatlaşdırma və sınaq laboratoriyalarının akkreditasiyası sahəsində ümumi terminlər və təyinlər” rəhbərlik sənədinə daxil edilmişdir.

 

Bu sənədə görə sertifikatlaşdırma məmulatın və ya xidmətin müəyyən standartlara və ya normativ sənədlərə uyğunluğunun sertifikat və ya uyğunluq nişanı vasitəsilə təsdiqlənməsidir.

 

Sertifikatlaşdırmanın əsas məqsədi əhalinin həyatı, sağlamlığı, əmlak və ətraf mühit üçün təhlükəli olan məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısının alınması, istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində kömək edilməsi, müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaradılmasından ibarətdir.

 

ISO/IEC 2 rəhbərlik sənədinə uyğun olaraq sertifikatlaşdırma sahəsində aşağıdakı terminlər tətbiq olunur.

 

Uyğunluğun sertifikatlaşdırılması - lazımi qaydada eyniləşdirilmiş məhsulun, prosesin və xidmətin konkret standarta və ya normativ sənədə uyğun olduğuna zəmanətin 3-cü tərəf vasitəsilə yazılı təsdiqlənməsidir.

 

Məcburi sertifikatlaşdırma - xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların, proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqlənməsidir.

 

Könüllü sertifikatlaşdırma - istehsalçının (icraçının, satıcının, tədarükçünün), məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının (sifarişçinin) təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdırmadır.

 

Uyğunluq haqqında məlumat - tədarükçünün tam məsuliyyəti ilə məhsulun konkret standarta və ya digər normativ sənədə uyğun olması haqqında verilmiş məlumatdır.

 

Sertifikatlaşdırmanın tətbiq sahələri

 

Sertifikatlaşdırma məcburi və könüllü sertifikatlaşdırmaya bölünür.

 

Məcburi sertifikatlaşdırma ətraf mühitin mühafizəsi, insanların həyatı, sağlamlığı və əmlakının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məhsullar və xidmətlər üçün həyata keçirilir.

 

Qanunvericiliklə müəyyən edilən bu mallara qoyulan tələblərin bütün istehsalçılar tərəfindən yerinə yetirilməsi məcburi xarakter daşıyır.

 

Könüllü sertifikatlaşdırma isə o hallarda aparılır ki, məhsullar, proseslər və xidmətlər üçün mövcud standartların və digər normativ sənədlərin tələblərinə riayət olunması dövlət tərəfindən nəzərdə tutulmamışdır.

 

Könüllü sertifikatlaşdırma o məhsullar üçün aparılır ki, onlara məcburi təhlükəsizlik tələbləri şamil edilmir.

 

Bununla yanaşı könüllü sertifikatlaşdırma etibarlılıq, estetik, erqonomik, qənaətcillik və s. göstəricilərin yoxlanması hesabına bazara keyfiyyətsiz malların çıxarılmasını məhdudlaşdırır.

 

Bu zaman könüllü serifikatlaşdırma məcburi sertifikatlaşdırmanı əvəz etmir və onun nəticələri məhsulun buraxılmasını qadağan etmək üçün əsas deyildir.

 

Sertifikatlaşdırmanın təşkili, aparılması və inkişafı kifayət qədər hüquqi, metodiki, texniki sənədlərin tətbiqi olmadan mümkün deyildir. Sertifikatlaşdırma sistemlərinin normativ-texniki bazasını standartlar təşkil edir.

 

Sertifikatlaşdırma bir tərəfdən müxtəlif növ normaların, digər tərəfdən isə qoyulmuş tələblərə uyğunluğun qiymətləndirilməsi metodlarının tətbiqi ilə müşayət olunur.